Qusarın Xuray kəndində sakin 10 min voltluq elektrik xəttinin həyəti üçün təhlükə yaratdığını bildirir.
Shimal.News xəbər verir ki, kənd sakini Elsevər Qədimovun sözlərinə görə, onun torpağından keçən yüksək gərginlikli naqillər ağacların budaqlarına toxunur və küləkli havada qığılcımlar yaranır.
Vətəndaşın tək istədiyi bağında olan qoz ağacının budaqlarını budamaqdır. Bunun üçün o, elektrik enerjisinin 10-15 dəqiqəlik dayandırılmasını xahiş edib. Lakin müraciətlər hələ də nəticəsiz qalıb.
Qurum isə təhlükəsizliyi təmin etmək əvəzinə digər səbəb səsləndirib. Elsevər Qədimovun bildirdiyinə görə, ona elektrik xəttinin keçdiyi ərazidə ev tikməsinin düzgün olmadığı bildirilib.
Sakin isə iki mərtəbəli daş evin 1904-cü ildə inşa edildiyini, elektrik xətlərinin sonradan çəkildiyini vurğulayır. Onun sözlərinə görə, bu ev ailəsinin ata-baba mülküdür və burada üç nəsil yaşayıb.
Bu vəziyyət bir sıra suallar doğurur. Əgər ev 1904-cü ildə, elektrik xətti isə daha sonrakı dövrdə inşa edilibsə, xəttin yaşayış evinin yaxınlığından keçirilməsi hansı layihə və hüquqi əsaslarla həyata keçirilib? Xətt çəkilərkən evin mövcudluğu və sakinlərin təhlükəsizliyi nəzərə alınıbmı? Torpaq sahəsinin və tikilinin hüquqi statusu, eləcə də elektrik xəttinin çəkilişinə dair sənədlər bu məsələyə aydınlıq gətirməlidir.
Digər tərəfdən, yüksək gərginlikli xəttin yaratdığı təhlükənin aradan qaldırılması üçün məsuliyyət də aidiyyəti qurumun üzərinə düşür. Sakin isə yaranmış vəziyyətin həlli üçün elektrik enerjisinin qısa müddətə dayandırılmasını və ağacların təhlükəsiz şəkildə budanmasını istəyir.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlamışıq.