Oğuzun Xaçmazqışlaq kəndinə gedən yolda zədələnmiş borudan su asfaltın üzərinə axır. Sakinlər problemin uzun müddətdir həll olunmadığını bildirirlər.
Onların Shimal.News-a verdiyi məlumata görə, məsələ ilə bağlı bələdiyyəyə müraciət edilib. Bələdiyyə isə asfalt örtüyünün kəsilməsi və təmir işlərinin aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edib.
Lakin sakinlərin iddiasına görə, agentlik hələ də müvafiq texniki şərt verməyib. Bu səbəbdən yerli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi borunun təmirini həyata keçirə bilmir.
Nəticədə suyun asfaltın üzərinə axması davam edir, su israf olunur və yolda hərəkət çətinləşir. Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.