Qusarda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə keçirilən humanitar aksiyada 100-ə yaxın şəxs donor olub.
Shimal.News xəbər verir ki, qanvermə aksiyası Respublika Qan Bankının Quba bölməsinin xüsusi tibb briqadası və Qusar Rayon Mərkəzi Xəstəxanasının tibb heyətinin birgə iştirakı ilə təşkil edilib.
Aksiya zamanı həkim-hematoloqlar əvvəlcə donor olmaq istəyən şəxsləri müayinə edib, daha sonra qan nümunələri götürüblər. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar da təşəbbüsə fəal qoşulublar.
Toplanan qan nümunələri Respublika Qan Bankına göndəriləcək. Əldə olunan qan ehtiyatı irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin daim əlçatan olması böyük əhəmiyyət daşıyır. Donorluq üçün 18–65 yaş aralığında, çəkisi 50 kiloqramdan artıq və sağlamlıq vəziyyəti uyğun olan şəxslər müraciət edə bilərlər.