Qusar rayonunun Xuray kənd sakini Yasəmən Ospatovanın ölümündən sonra təyin olunan təkrar ekspertizanın rəyinin gecikdirilməsi ailəsinin narazılığına səbəb olub.
Mərhumun həyat yoldaşı Zakir Ospatov və yaxınları ekspertiza rəyinin hələ də təqdim edilmədiyini bildirirlər. Onların iddiasına görə, əvvəlki ekspert rəyləri tam və hərtərəfli hazırlanmayıb, araşdırmada obyektivliyə əməl olunmayıb. Ailə üzvləri məsələnin yenidən və qərəzsiz araşdırılması üçün aidiyyəti qurumlara müraciət ediblər.
Yasəmən Ospatovanın ölümü 2025-ci il sentyabrın 12-də Qusar Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Məlumata görə, qadın xəstəxanaya qəbul edildikdən 7 saat 25 dəqiqə sonra qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatı həkim Milanə Babayeva icra edib.
İş materiallarında əməliyyatdan əvvəl əsaslı səbəb olmadan aşağı molekul çəkili heparin təyin edildiyi, əməliyyatdan sonra isə qadının müşahidə məqsədilə ayıltma otağında saxlanılmadığı qeyd olunur.
İlkin ekspertiza rəyində reanimasiya zamanı endotraxeal borunun traxeya əvəzinə səhvən qida borusuna yerləşdirildiyi göstərilib. Həmçinin ürəyin qapalı masajı zamanı döş sümüyünün sınığı və qabırğa zədələri, eləcə də reanimasiya tədbirləri nəticəsində qaraciyərdə cırılmış yara aşkarlandığı bildirilib.
Qusar Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. Zərərçəkmiş tərəfin apellyasiya şikayətindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib. İş üzrə təkrar kompleks ekspertiza təyin olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə həvalə edilib.
Hazırda ekspertiza rəyi üçün materialların təkrar göndərildiyi bildirilir.
Hüquqi varis Zakir Ospatov həyat yoldaşının ölümü ilə bağlı obyektiv araşdırma aparılmasını, istintaqın nəzarətə götürülməsini və təqsiri sübuta yetiriləcək şəxslərin qanunauyğun qaydada məsuliyyətə cəlb olunmasını istəyir. Onun sözlərinə görə, ailədə 7 aylıq və 6 yaşlı iki uşaq anasız qalıb.
Mənbə: musavat.com