Ölkəmizdə intensiv bağçılığın inkişafı üçün geniş imkanlar və dövlət dəstəyi mövcuddur. Bununla əlaqədar son illər Qusarda intensiv bağçılığa maraq daha da artıb. Rayonda torpaq islahatları həyata keçirildikdən sonra köhnə tipli, bioloji yaş həddini keçmiş ənənəvi bağların əksəriyyəti ləğv edilərək, yerində müasir intensiv və superintensiv meyvə bağları salınıb.
AZƏRTAC-ın məlumatına görə, rayonun Qalacıq kəndində 145 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarında tumlu və çəyirdəkli meyvələr becərilir. Təsərrüfatda becərilən meyvələr Rusiya ilə yanaşı, Mərkəzi Asiya və Körfəz ölkələrinə də ixrac olunur.
Təsərrüfatın direktoru Eynulla Musayev bildirib ki, ənənəvi bağlarla müqayisədə superintensiv bağlarda məhsuldarlıq daha yüksəkdir. Bu bağların dərmanlanması və suvarılması prosesi də asandır. Bu bağlardan əldə olunan məhsul keyfiyyətli və xarici bazarlarda rəqabətqabiliyyətli olduğu üçün daha çox gəlir gətirir. Buna görə də sahibkarlar yeni intensiv və superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
"Bu gün aqrar sahənin, xüsusilə intensiv və superintensiv bağçılığın inkişafının ölkə iqtisadiyyatında aparıcı sahəyə çevrilməsinə şahidlik edirik. Bizim də bu sahədə fəaliyyətimiz və inkişafımız dövlətimizin aqrar siyasətinə istinad edir. Təsərrüfatımız 2017-ci ildə yaradılıb. Hazırda bağlarımızın 90 hektarı tam məhsula düşüb. 55 hektarı isə 3-4 il əvvəl salınmış, yeni məhsula düşən bağlardır. Alma, armud, şaftalı, nektarin, gilas və gavalı bağlarımız var. Fəaliyyət zəncirimizdə meyvənin yetişdirilməsi, qablaşdırılması və ixracı əsas rol oynayır. Strateji hədəfimiz məhsuldarlığın artırılması, ixracın genişləndirilməsidir. Ötən il bağlarımızdan, ümumilikdə, 3225 ton meyvə yığılıb. Onun da böyük hissəsi xarici bazarlara ixrac olunub. Məhsullarımız Rusiya, Qazaxıstan və ərəb ölkələrində satılır",-deyə Eynulla Musayev söyləyib.
Təsərrüfat rəhbəri bildirib ki, ənənəvi bağlarla müqayisədə intensiv tipli bağlar tez məhsul verməklə yanaşı, həm də xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Ən əsası isə həm xarici, həm də yerli bazarlarda intensiv bağların məhsulu olan meyvələrə tələbat yüksəkdir. Müasir tipli bağların suvarılmasında damlama suvarma sistemindən istifadə olunur. Bu isə suvarma suyuna qənaət etməklə yanaşı, işçi qüvvəsinin də işini xeyli asanlaşdırır.
İntensiv bağlarda becərilən sortlar ənənəvi meyvə bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-30 ton məhsul toplanırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
Müasir bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. İntensiv bağlarda bir hektarda 650, superintensiv bağlarda 1200, ultraintensiv bağlarda isə 20 min ədəd meyvə tingi becərilir. Bu bağlardan müvafiq olaraq 40-50, 70-80 və 80-120 ton məhsul almaq mümkündür. Bağlarda il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə, məhsuldarlıq da yüksək olur.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov isə qeyd edib ki, məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin keyfiyyətli məhsullarla təmin olunmasında və ixrac potensialının artırılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, rayonda istehsal olunan ümumi məhsulun dəyərinin 53–55 faizi kənd təsərrüfatının payına düşür. İntensiv bağçılıq isə bu sahədə xüsusi əhəmiyyətə və mühüm yerə malikdir.
"Rayonda müasir meyvə bağlarının yaradılmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalını təmin etməkdir. Hazırda Qusar rayonu üzrə ümumilikdə 18 min hektara yaxın bağ sahəsi mövcuddur ki, bunun da təxminən 10 min hektarını intensiv və superintensiv bağlar təşkil edir. Hər il rayonda 750–800 hektar sahədə yeni müasir tipli meyvə bağları salınır. Bu isə intensiv bağçılığın iqtisadi cəhətdən daha səmərəli və gəlirli sahə olduğunu göstərir",-deyə Rauf Minhacov söyləyib.
Qusar rayonunu respublikanın müasir metod və innovasiyalardan geniş istifadə edən qabaqcıl rayonlarından birinə çevirən amillərdən biri də son illərdə kənd təsərrüfatında müasir suvarma texnologiyalarının geniş tətbiq edilməsidir. Rayonda artıq tərəvəzçilik sahəsində də müasir suvarma üsullarından istifadə olunur. Bu texnologiyalar su ehtiyatlarına qənaət edilməsinə, məhsuldarlığın yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına mühüm təsir göstərir.
Fermerlərə müxtəlif növ subsidiyaların verilməsi, güzəştli şərtlərlə suvarma sistemlərin çəkilişi, soyuducu anbarların tikintisi, kənd təsərrüfatı təyinatlı texnikanın alışına dəstəyin göstərilməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi bu sahənin inkişafında mühüm rol oynayır.
Qusar bağlarında ən çox alma becərilir. Ötən il rayon bağlarından, ümumilikdə, 85 min ton meyvə əldə olunub ki, bunun da 60 min tona yaxını alma məhsuludur. Həmçinin bağlarından 6660 ton armud, 5655 ton şaftalı, 3060 ton gilas, 352 ton ərik, 706 ton heyva,423 ton gavalı, 488 ton albalı, 80 ton alça, 1916 ton qoz, 4476 ton fındıq yığılıb.