Quba rayonundakı alma bağlarında yayılan müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.
Bu barədə yerli fermerlər məlumat veriblər.
Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi nəticəsində alma bağlarında göbələk, bakteriya, virus, mikoplazma, eləcə də funksional və abiotik mənşəli xəstəliklər yayılıb. Bu da məhsuldarlığa və yığılan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.
Qiymətlərə gəlincə, hazırda bazara çıxarılan Quba almasının kiloqramı 60 qəpiklə 1 manat arasında dəyişir. Bölgədə fəaliyyət göstərən emal müəssisələri isə almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alırlar. Bu qiymət bağ sahiblərini qane etmir.
Fermer Elşad Rüstəmov bildirib ki, 1,5 hektar sahəsi olan alma bağına əvvəlki illərdə adətən 5-6 dəfə dərman vurdurduğu halda, bu il bağı 15 dəfə dərmanlamaq məcburiyyətində qalıb:
"Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq".
Digər fermer Teymur Seyfullayev isə təsərrüfatında yığıma beş gün əvvəl başlanıldığını deyib:
"Məhsuldarlıq çox aşağı düşüb. Alma bağımın sahəsi təqribən hektar yarımdır. Demək olar ki, yığım başa çatmaq üzrədir. Ötən illərdə meyvənin dərilməsi az qala ay yarım davam edərdi. Dəqiq desəm, əvvəllər hər il 16 ton alma yığırdıqsa, bu il məhsuldarlıq 6 tona düşüb. Böyük zəhmət hesabına becərdiyimiz almanı alıcılar maksimum 70 qəpiyə alırlar. Bu isə o deməkdir ki, 7-8 min manat ziyan etmişik".
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov "Report"un yerli bürosuna açıqlamasında rayon ərazisində alma bağlarında xəstəliklərin yayılmasının səbəbinin davamlı yağıntılar və rütubətli hava şəraiti olduğunu bildirib.
Onun sözlərinə görə, Quba rayonunda 17 min 170 hektar meyvə bağı mövcuddur. Bunun 6 min 860 hektarını, yəni 40 faizini alma bağları təşkil edir:
"Alma bağlarında ən çox dəmgil xəstəliyi yayılıb. Qubada sürətlə yayılan bu xəstəlik məhsuldarlığa çox mənfi təsir göstərir. Qiymətləri müqayisə etsək, yerli fermerlər ötən illərdə almanın hər kiloqramından 4-8 qəpik gəlir əldə edirdilər. Lakin bu il emal müəssisələrində almanın qəbul qiyməti bir qədər artırılaraq kiloqramı 12-13 qəpiyə, tonu isə 120-130 manata çatdırılıb".
Mənbə: Report.аz