Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib.
Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Anbardar 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. Əmrahın aldatdığı şəxslərdən biri "Muxax Aqro" MMC-nin direktoru Vidadi Yusubovdur.
İttihama görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, əldə etdiyi pulu isə öz mənafeyinə xərcləyib.
Cinayət işi üzrə "Sara Group" QSC də zərərçəkmiş qismində tanınıb.
Araşdırma nəticəsində Əmrah Ramazan Valeh oğluna sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Cinayətin ağırlığı da nəzərə alınaraq, Əmrah barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılmaq üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hazırda həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər olub. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Mənbə: Qafqazinfo.аz