Siyəzən rayonunun Məşrif kəndinin sakinləri kənddaxili yolların acınacaqlı vəziyyətindən şikayətçidirlər.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, məhəllə aralarındakı yollar keçilməz haldadır və uzun müddətdir ki, bu problemə münasibət yoxdur.Yağış yağan kimi isə yol palçığa çevrilir.
"Yağışlı havalarda adım atmaq mümkün deyil, hər yer palçıq və gölməçəyə qərq olur. Ayaqlarımız palçığa batır, məhəllədən çıxmaq özü bir əzabdır" deyən kənd əhli yolun bu vəziyyətində həm uşaqların məktəbə getməsinin, həm yaşlıların küçəyə çıxmasının çətinləşdiyini bildirir. Nəqliyyat vasitələrinin isə bu yolla keçməsi demək olar ki, mümkün deyil.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin hər dəfə eyni cavabı alıblar: "Büdcədə vəsait yoxdur."
Kənd sakinlərinin dediyinə görə, müvafiq qurumlardan nümayəndələr gəlib vəziyyətlə tanış olub və yolun düzəldiləcəyini deyiblər. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də heç bir iş görülməyib və bu barədə heç bir məlumat verilməyib.
Yolun bərbad vəziyyətindən təngə gələn sakinlər çarəni özlərinin imkanları çərçivəsində tapmağa çalışıblar. Onlar gücləri çatdığı qədər yolu müvəqqəti də olsa səliqəyə salıblar. Lakin bildirirlər ki, bu, problemin həlli deyil və yol ciddi təmir tələb edir.
Kənd əhalisi aidiyyəti qurumlardan Məşrif kəndinin yollarına diqqət yetirməyi, məsələnin tezliklə həllini tələb edir.