Qusar rayonu ərazisində yerləşən Samur Hidroqovşağının Rusiya ilə birgə istismarı məsələsi müzakirə edilib. Bu barədə ShimalNews 7 iyul tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-yə istinadən məlumat verir.
Məlumata görə, müzakirələr “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən, yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının ötən gün videokonfrans formatında keçirilmiş 24-cü görüşündə baş tutub.
Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.