Xaçmaz şəhərində vaxtilə bulaqları ilə tanınan məkanda ürək dağlayan mənzərə yaşanır. Təbii su mənbələrindən sonuncusu çirklənmə və quruma təhlükəsi ilə üz-üzədir.
Bu barədə Shimal.News-a danışan sakinlər bildiriblər ki, Hacı Zeynalabdin Tağıyev küçəsində, Kapital Bankın qarşısında yerləşən bulağın vəziyyəti onları narahat edir.
Bulaq yol səviyyəsindən aşağıda yerləşdiyindən yağış suları və kanalizasiya suları hövzəsinə dolur. Bu isə su mənbəyinin çirklənməsinə və antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, problem uzun illərdir davam edir. Ərazidə vəziyyətin yaxşılaşdırılması üçün tədbir görülmür və bulağın qurumaq təhlükəsi var.
Onlar aidiyyəti qurumları məsləni araşdırmağa, bulağı çirkab sularından qorumağa və ətrafını abadlaşdırmağa çağırırlar.