Quba rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı Mirsəlim Məmmədov dövlət dəstəyi ilə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunan müharibə iştirakçısı lazımi avadanlıqlarla təmin edilib və o, dərzi sexi açıb.
Qubada yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən dərzi sexi artıq iki ildir ki, müştərilərə xidmət göstərir.
Mirsəlim Məmmədovun sözlərinə görə, işindən razıdır, müştərilərinin sayı və əldə etdiyi gəlir onu qane edir.
Müharibə iştirakçısı dərziliyin onun üçün yalnız gəlir mənbəyi deyil, həm də ailə ənənəsinin davamı olduğunu bildirir. Onun sözlərinə görə, ailəsində və nəsillərində bir çox insan dərziliklə məşğul olub. Mirsəlim Məmmədov da bu ənənəni davam etdirərək, özünün işini qurub.
Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi avadanlıqlar onun sahibkarlıq fəaliyyətinə başlamasında mühüm rol oynayıb. Özünüməşğulluq proqramı çərçivəsində yaradılan bu imkan müharibə iştirakçısının peşə bacarıqlarından istifadə etməsinə, müstəqil gəlir əldə etməsinə və məşğulluğunu təmin etməsinə şərait yaradıb.
Qeyd edək ki, Mirsəlim Məmmədov Vətən müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə göstərdiyi xidmətlərə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mənbə: Azərtac