Zaqatalada oktyabrın 13-dən itkin düşən 79 yaşlı Xəlil Mustafayevin axtarışları davam edir. Onun qızı Shimal.News-a danışaraq atasının itkin düşdüyü gün evdən necə çıxdığını, ailənin keçirdiyi narahatlığı və indiyədək aparılan axtarışlar barədə məlumat verib.
Ailə üzvlərinin sözlərinə görə, Xəlil Mustafayev itkin düşdüyü gün səhər saat 10 radələrində dərmanını qəbul edib, səhər yeməyini yedikdən sonra evdən çıxıb. O, adətən "Aynalı" adlanan əraziyə gedərək yaşıdları ilə nərd oynayır, günorta evə qayıdıb yemək yeyir, dincəldikdən sonra yenidən gəzintiyə çıxarmış.
İtkin düşən şəxsin qızı - Şəlalə Mustafayeva bildirib ki, həmin gün atalarının günorta evə qayıtmadığını görsələr də, əvvəlcə onun tanışlarından birinin qonağı olduğunu düşünüblər. Axşam saat 18:00-dan sonra narahatlıq artsa da, ailə üzvləri saat 22:00-dək onu gözləyiblər. Xəlil Mustafayev geri qayıtmayanda isə 102 xidmətinə məlumat veriblər.
Qadının sözlərinə görə, həmin gecədən etibarən ailə üzvləri, o cümlədən bacısının həyat yoldaşı da axtarışlara qoşulub. Zaqatala və Balakəndə itkin şəxslə bağlı elanlar yayılsa da, indiyədək onun yeri barədə heç bir məlumat əldə edilməyib.
Qızı qeyd edib ki, atalarının meşə ərazisinə getmək vərdişi də olub. Buna görə də ailə üzvləri onun tez-tez gəzdiyi Kebeloba meşəsində də axtarış aparılmasını nəzərdən keçiriblər. Lakin orada da hər hansı izə rast gəlinməyib. İtkin düşən şəxsin üzərindəki geyim, əsası və digər əşyaları barədə də indiyədək heç bir məlumat yoxdur.
Ailə üzvləri yaşlı kişinin kimdənsə incidiyi üçün evdən uzaqlaşa biləcəyi barədə ehtimalları da istisna edirlər. Qızının sözlərinə görə, atası itkin düşməzdən əvvəl ailədə heç bir mübahisə və ya narazılıq yaşanmayıb. O, belə bir hadisənin ilk dəfə yaşandığını bildirib.
Xatırladaq ki, Xəlil Mustafayevin itkin düşdüyü günə aid kamera görüntüləri də ailəsi tərəfindən redaksiyamıza təqdim edilib. Görüntülərdə onun oktyabrın 13-də səhər saatlarında "Köhnə şöbə" adlanan ərazidə qeydə alındığı bildirilir. Ailə üzvləri onun hansı istiqamətə getdiyini dəqiqləşdirə bilmirlər.
Hazırda Xəlil Mustafayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.