Şimal bölgəsində dəm qazı yenə can aldı. Hələ qış düşməmiş, payızın ilk günlərində Quba və Zaqatalada baş verən iki ölüm hadisəsi artıq ciddi xəbərdarlıq sayılmalıdır. Qubada 60 yaşlı kişi, Zaqatalada isə cəmi 14 yaşlı yeniyetmə qız həyatını itirib. Biri ailə başçısını, digəri isə övladını itirdi.
Amma təhlükə bununla bitmir. Hələ ilin əvvəlindən Şimal bölgəsində dəm qazından bir sıra zəhərlənmə halları qeydə alınmışdı. İndi isə havalar yenidən soyuyur, müxtəlif ərazilərə artıq qar yağıb. Havaların soyuması ilə paralel olaraq da qaz cihazlarından istifadə halları artır. Bu da paralel olaraq ehtiyatsızlıq, ağır nəticələr riskini də artırır.
Dəm qazı ilə bağlı faciələrin əsas səbəblərindən biri nasaz, düzgün quraşdırılmamış və standarta uyğun olmayan qaz cihazlarıdır. Xüsusilə kustar üsulla hazırlanan qaz kalonkaları ciddi təhlükə yaradır. Tüstü bacasının tutulması, havalandırmanın işləməməsi və təhlükəsizlik qaydalarının pozulması bir evi faciə yerinə çevirə bilər.
Ən qorxulusu odur ki, dəm qazının nə rəngi var, nə də qoxusu. İnsan təhlükəni hiss etmədən zəhərlənə bilər. Özünü yaxşı hiss edən adamın vəziyyəti qısa müddətdə ağırlaşa bilər. Buna görə də "indiyə qədər heç nə olmayıb" düşüncəsi ilə nasaz cihazdan istifadə etmək həyatı riskə atmaqdır.
Bu təhlükənin, riskin qarşısını almaq üçün indidən qaz cihazlarını, hamamlardakı su qızdırıcılarını, tüstü bacalarını və havalandırma sistemlərini yoxlamaq lazımdır. Bəzən bizə adi görünən, nəzərdən yayınan bir şey sonradan faciə ilə nəticələnir. Bu faciənin, bədbəxt hadisənin qarşısını almaq üçün həm də kustar üsulla hazırlanmış, nasaz və standarta uyğun olmayan avadanlıqlardan istifadə etmək olmaz.
Bəzən bölgələrdə geniş yayılmış "hər şeydən başı çıxır" el misalına güvənib təsadüfi adamlara qaz cihazlarının təmirini həvalə etmək də səhvdir. Çünki Quba və Zaqatalada payızın ilk günlərində baş verənlər sadəcə iki xəbər deyil. Bu, yuxarıda sadalananlara etinasız yanaşanlar üçün xəbərdarlıqdır. Unutmaq olmaz ki, dəm qazı nə yaş, nə sosial status, nə də vəzifə seçir. Qəfildən, xəbərdarlıq etmədən qapını döyüb içəri girir. Bir anlıq diqqətsizlik isə bir ailəni ömürlük yasa qərq edə bilir.
Havalar getdikcə soyuyur. Şimalın xüsusən də dağların yaxın ərazilərində bu indidən hiss edilir. Məsələyə ciddi yanaşmaq, cihazları yoxlamaq, tüstü bacalarını təmizləmək, kustar üsulla hazırlanmış qurğulardan uzaq durmaq növbəti faciənin qarşısını ala bilər. Unutmayaq, qış hələ qapını döyməsə də, dəm qazı faciəsi artıq iki evin qapısını döyüb. Çünki dəm qazına qarşı səhlənkarlığın cəzası bəzən bir ömürlük peşmanlıq deyil, geri dönüşü olmayan itkidir.