Xaçmaz şəhərində "Ariz" yaşayış kompleksinin qarşısındakı və ətraf həyət yollarının vəziyyəti sakinlərin narazılığına səbəb olur.
Məsələ ilə bağlı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, yol örtüyü köhnəlib, asfalt qatı dağılaraq aşınıb, səthdə çatlar və çuxurlar əmələ gəlib.
Yolun bəzi yerlərində asfaltın üst qatı tamamilə qopub, içindəki çınqıl və daş qarışığı açıq qalıb. Əvvəllər müvəqqəti qaydada yamaq vurulmuş sahələr də artıq yenidən deformasiyaya uğrayıb. Yamaqların ətrafında yeni çatlar yaranıb, bəzi yerlərdə isə örtük kənarlarından qopub.
Yaşayış binalarının, qarajların və həyət girişlərinin yerləşdiyi ərazidə yol örtüyünün bu vəziyyəti həm sürücülər, həm də piyadalar üçün narahatlıq yaradır.
Yağıntılı havalarda çuxurlarda su yığılması vəziyyəti daha da ağırlaşdırır, çünki bu, örtüyün sürətlə dağılmasına səbəb olur.
Sakinlər aidiyyəti qurumlardan yolun təmir etdirilməsini istəyirlər.