Xaçmaz rayonunun Xaspoladoba kəndində Qudyalçay üzərində yerləşən körpü əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Shimal.News xəbər verir ki, təxminən 10 min nəfər əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında müasir standartlara uyğun şəkildə yenidən inşa olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev körpüdə görülən işlərlə tanış olub. Bildirilib ki, layihəyə əsasən, üç aşırımlı körpünün uzunluğu 63 metr, eni isə 12 metr təşkil edir.
Qeyd olunub ki, yeni körpü Xaspoladoba və ətraf yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə təhlükəsiz və rahat gediş-gəlişini təmin edəcək.
Səfər zamanı Elnur Rzayev kənd sakinləri ilə görüşərək onların müraciətlərini və təkliflərini dinləyib. Sakinlər isə körpünün istifadəyə verilməsindən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.