Quba şəhərində yerləşən 28 May parkında uzun müddətdir işıqlandırma sisteminin işləmədiyi bildirilir.
Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, artıq təxminən 1 aydır ki, ərazi qaranlığa qərq olub. Onların iddiasına əsasən, bu səbəbdən parkın yaxınlığındakı yarımçıq tikili müxtəlif şəxslərin gecə saatlarında toplaşaraq pis əməllər etdikləri məkana çevrilib.
Sakinlər qeyd edirlər ki, mövcud vəziyyət ərazidə təhlükəsizliklə bağlı narahatlıq yaradır və hava qaralandan sonra parkdan istifadə etmək çətinləşib.
"Gecə saatlarında buradan keçməyə ehtiyat edirik. Parkın işıqlandırılmaması həm təhlükəsizlik, həm də ictimai asayiş baxımından problem yaradır", – deyə müraciətdə bildirilir.
Vətəndaşlar aidiyyəti qurumlardan parkın işıqlandırma sisteminin bərpa olunmasını və ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.