Balakən rayonunda sürətlə yayılan Amerika ağ kəpənəyi ağaclar və meyvə bağları üçün ciddi təhlükəyə çevrilib.
Zərərvericinin tırtılları ağacların yarpaqları ilə qidalanır, budaqların ətrafını torabənzər örtüklə sarıyır. Nəticədə yarpaqlar quruyur, ağaclar zəifləyir və məhsuldarlıq azalır.
Məlumata görə, şimal-qərb bölgəsində xüsusilə fındıq bağları risk altındadır. Fermerlər bildirirlər ki, bu ziyanvericilər fındıq ağaclarına daha çox zərər vurur.
Balakən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən verilən məlumata əsasən, Amerika ağ kəpənəyi ötən payız mövsümündə bölgədə müşahidə olunmağa başlayıb və havaların istiləşməsi ilə yenidən aktivləşib.
Qeyd edək ki, Amerika ağ kəpənəyi dünyanın bir çox ölkəsində kənd təsərrüfatı və yaşıllıqlar üçün təhlükəli zərərvericilərdən hesab olunur.