Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Shimal.News xəbər verir ki, bu tədbirlərdən, həmçinin FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon Sulut kənd və Basqal qəsəbə tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar cavablandırılıb.