Quba rayonunun Kardaş kəndində illərdir mövcud olan körpü problemi hələ də öz həllini tapmayıb.
Bu barədə Shimal.News-a məlumat verən yerli sakinlər bildirirlər ki, çayı qarşı tərəfə keçmək üçün kustar üsulla hazırladıqları taxta körpüdən istifadə edirlər. Bu isə həm təhlükəli vəziyyət yaradır, həm də gündəlik həyatlarını çətinləşdirir.
Aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir tədbir görülməyib. Çayın üzərində sabit körpünün olmaması səbəbindən kəndə yalnız iri yük avtomobilləri ilə daxil olmaq mümkündür.
Son günlərdə çayda suyun səviyyəsinin artması ilə vəziyyət daha da ağırlaşıb. Artıq avtomobillərin kəndə girişi tamamilə mümkün deyil. Çağırışa gələn təcili yardım maşını da kəndə daxil ola bilməyib. Xəstə sakin yaxınlarının köməyi ilə xərək üzərində çayın o biri tərəfinə aparılıb. Həmin görüntüləri təqdim edirik.