Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Gəncə və Naxçıvan şəhərlərində, Bərdə, Oğuz, Quba, Ağdaş rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Shimal.News xəbər verir ki, tədbirlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasının tələbinə uyğun olaraq və “Əmək və Məşğulluq” altsistemi üzərindən təhlillər aparılmaqla, işçi sayı çox olan, ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri olan müəssisələr üzrə işəgötürənlərin iştirakı ilə keçirilib.
Tədbirlərdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübəyə əsasən aparılmış təhlillər, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib. Həmçinin iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, səsləndirilən təkliflər əsasında müzakirələr aparılıb.

