top
Azər Badamov: “Məni 4 saatdan çox gözlətdilər”
06 may 2025, 17:48
- +

Azər Badamov: “Məni 4 saatdan çox gözlətdilər”

Bir neçə gün öncə Rusiya tərəfinin dəvəti və Abşeron RİH-nin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

Lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Apa.аz-ın məlumatına görə deputat bununla bağlı müsahibə verib:

- Rusiyaya səfəriniz zamanı baş verənlər sizin üçün nə dərəcədə gözlənilən idi?

- Mayın 4-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdıq. Təyyarə ilə Moskvaya, oradan isə Həştərxana uçmalı idik. Nümayəndə heyətinə Abşeron RİH başçısı, həmkarım Elman Nəsirov və mən daxil idim. Moskvada Şeremetyevo Hava Limanında sərhəd-keçid prosedurlarını normal keçəndən sonra Həştərxana təyyarə gözlədiyimiz zaman Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları mənə yaxınlaşdılar və dedilər ki, sizin ölkəyə girişiniz ilə bağlı aydınlaşdırılmalı məsələlər var.

Araşdırma üçün onlarla bir yerdə məlumat bazasına baxılması ilə əlaqədar kompüter olan xüsusi otağa getdik. Bir müddətdən sonra həmin Xidmətin rəisi əlində bir kağız bildirişlə mənə yaxınlaşdı və qeyd elədi ki, siz bu bildirişə imza atmalısınız, Rusiyaya girişiniz qadağan olunub. Bildirildi ki, geri qayıtmalıyam. Bildirişdə qeyd olunmuş məsələ ümumiyyətlə həqiqətdən uzaq bir məsələ idi. Deportasiya üçün məni müəyyən olunmuş əraziyə apardılar. Orada 4 saatdan çox gözləməli oldum və 4 saatdan sonra Bakıya qayıdan təyyarə ilə məni Bakıya yola saldılar. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı və həmkarım Elman Nəsirov Həştərxana yola düşdülər, keçirilən tədbirlərdə də iştirak ediblər.

Burada bir anlaşılmazlıq var. Çünki bundan əvvəl 17-20 aprel tarixlərində Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılmışdıq. Aprelin 17-də dövlət sərhədini normal şəkildə keçmişik, hər hansı bir qadağanın olması haqqında xəbərdarlıq yox idi. Ancaq üzərindən qısa bir müddət keçəndən sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər zamanı Moskvada bildirildi ki, Rusiyaya girişim qadağan olunub və əgər qeyri-qanuni şəkildə gəlsəm, cinayət məsuliyyətinə cəlb olunacağam. Bunlar əsassız iddialardır.

- Sizə qarşı hansı iddia irəli sürülüb?

- Bildirişdə qeyd olunmuşdu ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmağıma icazə verilmir. Söhbət Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı məsələdən gedir.

- Yəni açıq bildirilmədi ki, konkret hansı açıqlamanıza, fəaliyyətinizə görə həmin maddələrin tələblərini pozmusunuz?

- İndiyə qədər də Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

- TASS diplomatik mənbəyə istinadən bir növ Rusiyanın mövqeyini çatdırmışdı. Arqumentlərdən biri bu idi ki, Azərbaycan da bir sıra rusiyalı deputatların girişinə qadağa qoyub, bu da fərdi şəkildə qadağadır.

- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi həmişə Rusiya-Azərbaycan əlaqələrinin inkişafına müsbət yanaşmışam və bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək fikirlər ifadə etmişəm. TASS-ın yaydığı məlumatda qeyd olunanlar həqiqətdən uzaqdır.

Rəsmi Bakı anti-Azərbaycan fikirlərinə görə Rusiya parlamentinin bəzi üzvlərinin ölkəyə girişinə qadağa qoyub. Yəni onlar Azərbaycan dövlətçiliyinə xələl gətirəcək ifadələr səsləndirdiklərinə görə qadağaya məruz qalıblar. Mənim Rusiya dövlətinə qarşı heç bir fikrim olmayıb. Mən yalnız Azərbaycan xalqını təhqir edən deputatın dediklərinə cavab vermişəm. Yəni deportasiya olunma səbəbi ilə göstərilən arqumentlər tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, mənim Rusiya dövlətinə və xalqına qarşı heç vaxt neqativ fikrim olmayıb.

Çox arzulayardım ki, Rusiyanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin, baş verənlərə düzgün, obyektiv bir izah versin. Bu günə qədər Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməyib.

- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda fəaliyyətinizi davam etdirəcəksiniz?

- Rusiya tərəfi bu qərarda yanlışlıq olduğunu qəbul etsə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Əks halda, yəni qadağa davam edərsə, bu qrupda qalmağım mümkün olmayacaq.

- Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirləriniz necədir?

- Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu Bəyannamənin ruhuna uyğun gəlməyən belə hərəkətlər baş verir. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kölgə salır.

- Yeri gəlmişkən, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan təyyarə qəzası məsələsi də var. Ötən dövr ərzində təyyarə qəzası ilə əlaqədar Rusiya tərəfi, demək olar ki, istintaq hərəkətləri aparmır, həbs edilənlər, saxlanılanlar yoxdur və bu da Azərbaycan tərəfini narazı salır. Bu məqam Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nə dərəcədə mane olur?

- Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa Rusiya-Azərbaycan münasibətləri baxımından yaxşı bir göstərici deyil. Əgər münasibətlərimiz qarşılıqlı hörmət əsasında davam etdirilməlidirsə, belə hadisələrə yol verilməməlidir. Əgər anlaşılmazlıqlar baş verirsə, bu, ikitərəfli qaydada araşdırılmalı və aydınlıq gətirilməlidir. Gizli məqamlar qalmamalıdır.

Hər bir halda təyyarə ilə bağlı hadisə Rusiyanın ərazisində Rusiyanın hərbçiləri tərəfindən törədilib. Rusiya buna görə rəsmi şəkildə üzr istəməli və müvafiq kompensasiyalar ödəməlidir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Bu gün, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Bu gün, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Oxşar xəbərlər