Şabran şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ətrafında təhlükəsizliklə bağlı nöqsanlar müşahidə olunur.
Shimal.News xəbər verir ki, muzeyin hasarı boyunca quraşdırılmış dekorativ daş elementlərin böyük hissəsi qoparaq düşüb. Onlardan yalnız biri yerində qalıb.
Daş bəzəklərin bərkidilməsi üçün istifadə olunan metal hissələr və armaturlar hasarın müxtəlif yerlərində açıq vəziyyətdədir. Bu isə muzeyə gələnlər və yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaradır.
Ətrafı yaşayış binaları və fərdi evlərlə əhatələnən muzeyin yaxınlığında üstüaçıq elektrik xətləri də diqqət çəkir. Mövcud vəziyyət ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi zərurətini gündəmə gətirir.
Problemlər təkcə muzeyin ətrafı ilə məhdudlaşmır. Həyətdə açıq havada nümayiş etdirilən tarixi daş eksponatlar baxımsız vəziyyətdədir. Onların qarşısında yerləşdirilmiş məlumat lövhələri köhnəlib, yazılar solub və bəzi məlumatları oxumaq çətinləşib.
Şabranın tarixini əks etdirən muzeydə həm təhlükəli konstruksiyaların aradan qaldırılmasına, həm də açıq ekspozisiyanın və məlumat lövhələrinin bərpasına ehtiyac var.