Qusarlı cüdoçumuz Ömər Rəcəblinin hekayəsi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının rəmzi hadisələrindən birinə çevrilib.
7 oktyabrda 22 yaşlı Ömər 81 kq çəki dərəcəsində bürünc medal qazanaraq atası Elxanın nəticəsini təkrarlayıb. 25 il əvvəl Münhendə keçirilən dünya çempionatında, Elxan eyni çəkidə dünya üçüncüsü olmuşdu. Bu barədə artıq çox danışılıb. Lakin eyni rəngli iki medalın arxasında təkcə ata ilə oğulu deyil, onların rəqiblərini də birləşdirən daha qeyri-adi hekayə dayanır.
Bu hekayənin əsas iştirakçılarından biri hazırda Azərbaycanın kişilərdən ibarət cüdo yığmasının məşqçilər heyətində yer alan polşalı mütəxəssis Robert Kravçikdir. Onu Rəcəbli ailəsi ilə təkcə indiki peşəkar münasibətlər deyil, keçmişdəki idman rəqabəti də bağlayır.
2009-cu ilin noyabrında Əbu-Dabidə keçirilən Qran-pridə Kravçik yarımfinalda Elxan Rəcəbli ilə qarşılaşıb və qalib gəlib. Azərbaycanlı cüdoçu həmin yarışı bürünc medalla başa vurub.
Bundan 15 ildən çox vaxt keçdikdən sonra atasının keçmiş rəqibi Ömərin məşqçisinə çevrilib. 2025-ci ilin fevralında Kravçikin rəhbərliyi altında Ömər Rəcəbli Parisdə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Polşalı mütəxəssis bu qeyri-adi təsadüf barədə Avropa Cüdo Birliyinə (EJU) danışıb və onun üçün xoş sürpriz olduğunu etiraf edib.
Bu, sanki idman filmi üçün hazır ssenaridir: vaxtilə atanın finala gedən yolunu kəsən şəxs illər sonra oğlunun fəxri kürsüyə yüksəlməsinə kömək edir.
Lakin Rəcəbli ailəsinin idman irsi onların qarşılaşmasından xeyli əvvəl başlayıb. Ömərin babası, tanınmış məşqçi Əhməddin Rəcəbli Elxanın şəxsi müəllimi olub. Beləliklə, cüdo ailədə bir neçə nəslin məşğul olduğu idman növünə çevrilib. Ömər isə atasının hələ o dünyaya gəlməmişdən əvvəl başladığı yolu davam etdirir.
Mənbə: İdman.Biz