Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir.
Bu barədə mərhumun qardaşı Rasim Babayev məlumat verib.
Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini deməyə əsas verir.
Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına apararaq atıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, qadının qətlə yetirilməsində şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həlak olan Qusar sakinləri – 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır.
Mənbə: Teleqraf.аz