Balakən rayonunda müxtəlif dövrlərə aid onlarla alban xristian məbədi bölgənin qədim tarixini və zəngin mədəni irsini yaşadan mühüm abidələr sırasındadır.
Bunu AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli açıqlamasında deyib.
Alimin sözlərinə görə, Balakənin Gərəkli kəndi ərazisində, dağın ətəyində yerləşən "Arılıq binə" məbəd kompleksi təxminən 4 hektar ərazini əhatə edir. Kompleksin sərhədləri bu gün də aydın görünür.
Aparılan müşahidələr zamanı məbədlə yanaşı, ərazidə 7-dək digər tikili və bina qalıqları da müəyyən edilib.
Tədqiqatlara əsasən, abidənin V–IX əsrlərə aid olduğu ehtimal edilir. Arxeoloq və tədqiqatçıların fikrincə isə kompleksin tarixi daha qədim dövrlərə gedib çıxa bilər.
Məbəd kompleksi yalnız tarixi əhəmiyyəti ilə deyil, yerləşdiyi ərazi ilə də diqqət çəkir. Dağın ətəyində, çöl ərazinin başlanğıcında və sıx meşəliyin girişində yerləşən abidənin gələcəkdə turizm marşrutlarından birinə çevrilməsi üçün imkanlarının olduğu bildirilir.
Akif Məmmədli Qafqaz Albaniyasının tarixi irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Mənbə: Azərtac