Payızın yağışlı, küləkli və dumanlı havası yollarda hərəkəti çətinləşdirir. Sürüşkən yol, zəif görünüş və qəfil manevrlər qəza riskini artırır.
Shimal.News xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi payız aylarında sürücüləri hava və yol şəraitinə uyğun sürət seçməyə, ara məsafəsini qorumağa və təhlükəli manevrlərdən uzaq durmağa çağırıb.
Xüsusilə piyada keçidlərinə, yolayrıclarına və məktəblərin ətrafına yaxınlaşarkən sürətin əvvəlcədən azaldılması tövsiyə olunur.
Sürücülər yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini də yoxlamalıdırlar. Şüşəsilənlər, faralar, əyləc sistemi və təkərlərin sazlığı bu mövsümdə xüsusi əhəmiyyət daşıyır.
Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, qarşıdan gələn avtomobillərin məsafəsini düzgün qiymətləndirmək və xüsusilə dumanlı havada daha diqqətli olmaq tövsiyə edilir. Yolu keçərkən mobil telefondan istifadə də təhlükə yarada bilər.