Qubada müxtəlif dini və tarixi abidələr bölgənin zəngin keçmişini günümüzədək yaşadır. Qırmızı qəsəbənin qədim sinaqoqları, şəhərin tarixi məscidləri və Hacıhüseynli kəndindəki kilsə rayonun fərqli dövrlərinə işıq salır.
Quba rayonunun ən çox turist cəlb edən məkanlarından biri Qırmızı qəsəbədir. Qəsəbədə çoxsaylı tarixi mülklərlə yanaşı, dağ yəhudilərinin dini irsini əks etdirən sinaqoqlar da qorunub saxlanılır.
Dağ yəhudilərinin Qırmızı qəsəbə ərazisində 1734-cü ildən məskunlaşmağa başladığı bildirilir. İlk dövrlərdə burada sinaqoq tikilib. Hazırda qəsəbənin əsas tarixi abidələrindən biri olan altıgünbəzli sinaqoq isə 1888-ci ildə inşa edilib.
Qəsəbənin Fətəli xan küçəsində XIX əsrin sonlarına aid tarixi mülklər də diqqət çəkir. Onlardan biri iki mərtəbəli, taxta eyvanları və dekorativ elementləri ilə seçilən tarixi binadır. Digər diqqətçəkən tikili isə 1908-ci ildə doktor Ağababayevin şəxsi vəsaiti ilə inşa edilən üçmərtəbəli "Həkim evi"dir.
Quba şəhərində yerləşən tarixi Ərdəbil məscidi də bölgənin memarlıq irsinin nümunələrindəndir. Məscidin 1894–1895-ci illərdə Ərdəbildən gələn ustalar tərəfindən inşa edildiyi və qırmızı kərpicdən tikildiyi qeyd olunur.
Sovet dövründə fəaliyyətini dayandıran məsciddən müxtəlif vaxtlarda anbar və arxiv kimi istifadə edilib. Daha sonra bərpa olunan Ərdəbil məscidi 1990-cı ildən yenidən fəaliyyət göstərir.
Qubanın Hacıhüseynli kəndində isə XIX əsrin sonlarında inşa edilən pravoslav kilsəsi yerləşir. Kilsənin tikintisinə 1890-cı illərdə başlanılıb və layihəsinin memarı kimi Pavel Kaqvitskinin adı çəkilir.
Sovet dövründə kilsənin zəngi çıxarılıb, bina isə anbar kimi istifadə olunub. Hazırda dövlət qeydiyyatında olan tikilinin bərpaya ehtiyacı olduğu bildirilir.
Qubanın bu tarixi abidələri bölgənin müxtəlif dövrlərdə formalaşmış dini, memarlıq və mədəni irsinin izlərini özündə yaşadır.
Mənbə: İctimai TV