Quba rayonunda sentyabr ayı ərzində müxtəlif avtomobil yollarında torpaq sürüşmələri və çökmələr qeydə alınıb. Sürüşmələr bəzi yollarda asfalt örtüyünün zədələnməsinə, hərəkət hissəsinin daralmasına və nəqliyyatın məhdudlaşdırılmasına səbəb olub.
Shimal.News son günlərdə qeydə alınan hadisələri təqdim edir.
İlk ciddi hadisələrdən biri sentyabrın 11-də Quba–Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınıb. Yağışlardan sonra yolun bir hissəsi dərəyə doğru çökməyə başlayıb. AAYDA həmin hissədə işlərin aparıldığını və nəqliyyatın digər zolaqla təhlükəsiz şəkildə hərəkətinin təmin edildiyini bildirib.
Sentyabrın 15-də isə Quba–İspik–Xınalıq yolunun 34-cü və 39-cu kilometrlərində sürüşmələr baş verib. Asfalt zədələnib, bəzi hissələrdə yol daralıb. 38-ci kilometrdə hərəkət məhdudlaşdırılıb və əraziyə xüsusi texnika cəlb olunub.
Ertəsi gün, 16 sentyabrda, Xınalıq istiqamətində daha bir sürüşmə qeydə alınıb. Təhlükəsizlik məqsədilə xəbərdarlıq və istiqamətləndirici nişanlar quraşdırılıb, sürücülərə alternativ olaraq Alpan–Susay–Xınalıq yolundan istifadə etmək tövsiyə olunub.
Sentyabrın 22-də isə problem Quba–Qonaqkənd yolunda üzə çıxıb. Kunxırt və Xırt kəndləri ərazisində sürüşmə nəticəsində asfalt örtüyündə iri çatlar yaranıb və yolun hərəkət hissəsi daralıb. Məlumata görə, həmin ərazidə sürüşmə hələ də davam edir.
Son dəfə isə sentyabrın 24-də Rustov–Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində torpaq sürüşməsi qeydə alınıb. Burada da asfalt örtüyündə çatların yarandığı, təhlükəsizlik məqsədilə əraziyə xəbərdarlıqedici lentlər çəkildiyi bildirilir.