Qubanın dağlarında, dəniz səviyyəsindən 1500–1600 metr yüksəklikdə yerləşən Haput kəndi Azərbaycanın ən maraqlı yaşayış məskənlərindən biridir. Bura Şahdağ bölgəsinin ən ucqar yaşayış ərazilərindən sayılır. Burada yaşayan insanlar özlərini "hər" adlandırırlar.
Hapıtlılar Qrız etnosuna qohum etnik qrup kimi təqdim olunur və onların danışdığı Hapıt dili Qrız dilinin dialektlərindən biri hesab edilir. Qubadakı Haput kəndi hapıtlıların ən qədim yaşayış məskəni kimi göstərilir.
Shimal.News xəbər verir ki, məlumat verir ki, kəndin Qəbələ ilə də maraqlı tarixi əlaqəsi olub. Yerli məlumatlara görə, Haputdan Qəbələyə gedən qısa dağ yolu mövcud olub və XX əsrin ortalarınadək Şahdağ əhalisi bu yoldan istifadə edib. Həmin yolun üzərində "Bazar düzü" adlanan ərazi yerləşib. Bura vaxtilə böyük ticarət məkanı kimi tanınıb. Quba və Qəbələ tərəfdən insanlar burada bazarlıq edir, mal mübadiləsi aparırdılar.
Yəni bu gün xəritədə ucqar görünən Haput bir vaxtlar ətraf bölgələri birləşdirən dağ yollarından birinin üzərində olub. Həmin qədim yolun Oğuz rayonu ərazisində yerləşən dağlarından biri isə bu gün də "Haputuçuran" adlanır.
Kənddə Babadilim piri də yerləşir. Tədqiqatlara əsasən, bu ziyarətgahın tarixi X–XI əsrlərə gedib çıxır və vaxtilə sufilik mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Babadilim piri xalq arasında "dil açan pir", bəzən isə "Xalça piri" kimi tanınır.
Kəndin əhalisinin bir hissəsi qış aylarında sürüləri ilə birlikdə aran ərazilərinə köçür, yazın sonunda isə yenidən kəndə qayıdır.