Şəki-Qax avtomobil yolunda baş verən və bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən qəzanın yeni təfərrüatları məlum olub.
Hadisə zamanı həyatını itirən 24 yaşlı Səbuhi Ağazadə şair Əlibala Ağayevin oğludur. Məlumata görə, o, bir il əvvəl ailə qurub və bu yaxınlarda ilk övladı dünyaya gəlib.
Əslən Laçın rayonunun Güləbird kəndindən olan Ağazadələr ailəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb.
Qəza zamanı avtomobildə olan dörd nəfərin Zaqatala rayonundan qayıtdığı bildirilir. Hadisə noyabrın 1-də gecə saat 03:00 radələrində Şəkinin İnçə kəndi ərazisində baş verib.
Qeyd edək ki, "Lada Priora" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Səbuhi Ağazadə hadisə yerində həyatını itirib, avtomobildəki digər üç nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Noyabrın 2-də Səbuhi Ağazadə Sumqayıt şəhərində dəfn olunub.
Mənbə: Ölkə.аz