"Üzməyi öyrənək" layihəsi noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq. Təlimlər Balakən, Xaçmaz, Qax, Qəbələ, Quba, Qusar, Oğuz, Şəki, Zaqatala və İsmayıllıda da keçiriləcək.
Shimal.News xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı ilə həyata keçirilən layihəyə 1-8-ci sinif şagirdləri cəlb olunacaq.
Bir ay davam edəcək təlimlər ödənişsiz olacaq. Layihənin ölkə üzrə 33 idman obyektində, 60 məktəbin iştirakı ilə reallaşdırılması nəzərdə tutulur.
Məşğələlərdə məktəblilərə üzgüçülüyün əsasları və suda təhlükəsiz davranış qaydaları öyrədiləcək. Layihənin məqsədi uşaqlarda üzmə bacarıqlarını formalaşdırmaq və sağlam həyat tərzini təşviq etməkdir.