Bu gün Şimal bölgəsindən olan iki şəhidimiz - Mikayıl Mikayıllı və Orxan İsmayılovun doğum günüdür.
Mikayıl Miğfər oğlu Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Mikayıl Mikayıllı 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Mikayıl Mikayıllı ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Orxan Qədim oğlu İsmayılov 1990-cı il sentyabrın 24-də Qusar rayonunun Həsənqala kəndində anadan olub. Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.
Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.