Xaçmaz şəhərinin Nəsrəddin Tusi küçəsində yolun asfaltlanmaması sakinlərin gündəlik həyatında ciddi çətinliklər yaradır.
Shimal.News xəbər verir ki, sakinlərin sözlərinə görə, xüsusilə qış aylarında yağış və palçıq səbəbindən küçədən hərəkət etmək çətinləşir. Ən çox əziyyət çəkənlər isə məktəbə gedib-gələn şagirdlərdir.
Vətəndaşlar bildirirlər ki, ətraf küçələrin bir çoxu asfaltlansa da, Nəsrəddin Tusi küçəsi hələ də diqqətdən kənarda qalıb.
Onlar küçənin vəziyyətinin yaxşılaşdırılmasını, xüsusilə şəhid və qazi ailələrinin də yaşadığı bu əraziyə diqqət ayrılmasını xahiş edirlər.
Sakinlərin sözlərinə görə, yolun asfaltlanması həm ərazidə yaşayanların gündəlik hərəkətini rahatlaşdırar, həm də məktəblilərin qış aylarında üzləşdiyi çətinliyi aradan qaldırar.