Xaçmaz rayonunun Hacıqurbanoba kəndində yolların uzun müddətdir baxımsız vəziyyətdə qalması sakinləri narahat edir.
Shimal.News-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, kənddaxili yollarda asfalt örtüyü yoxdur və yollar çoxsaylı çala-çuxurlardan ibarətdir. Yağış və qar yağdıqda vəziyyət daha da ağırlaşır - yollar palçığa bürünür, bəzi hissələrdə isə su yığılır.
Sakinlər bildirirlər ki, bu vəziyyət həm piyadaların, həm də avtomobil sürücülərinin hərəkətinə ciddi çətinlik yaradır.
"Yağıntılı günlərdə uşaqlarımızın məktəbə gedib-gəlməsi üçün yollar demək olar ki, keçilməz hala düşür.
Problemin əsas səbəblərindən biri kənddəki su kanallarının dar olmasıdır. Güclü yağış zamanı kanallar suyu tam ötürə bilmir, nəticədə su yola çıxır və hərəkəti daha da çətinləşdirir", - deyə sakinlər bildiriblər.
Kənd sakinləri aidiyyəti qurumlardan Hacıqurbanoba kəndinin yollarının təmir olunmasını və suötürücü kanallarla bağlı problemin həll edilməsini xahiş edirlər.