Bu gün tanınmış teatr və kino aktyoru, Əməkdar artist Fizuli Hüseynovun doğum günüdür.
Fizuli İsmət oğlu Hüseynov 1962-ci il sentyabrın 9-da Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Aktyor uzun illər ərzində teatr səhnəsində müxtəlif janrlı əsərlərdə yaddaqalan obrazlar yaradıb. Onun repertuarında Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Şeyx Xiyabani"də Şeyx Xiyabani, Anarın "Təhminə və Zaur"unda Spartak, Uilyam Şekspirin "Kral Lir"ində Edmond kimi rollar yer alır.
Fizuli Hüseynov kino yaradıcılığı ilə də tamaşaçıların yaddaşında qalıb. O, "Təhminə" filmində Spartak, "Bəyin oğurlanması"nda Elxan, "Ölülər"də isə Mirzə Cəlil obrazlarını canlandırıb. Aktyor Azərbaycan Televiziyasında hazırlanmış bir sıra tamaşalarda, o cümlədən "Yad qızı", "Kamança", "Dədə Qorqud", "Sonuncu şahid" və "Kimdir haqlı?" kimi ekran işlərində də rol alıb.
Füzuli Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Aktyor bir müddət səhhəti ilə əlaqədar sənətdən uzaq qalsa da, 2004-cü ilin aprelində Akademik Milli Dram Teatrına qayıdıb. Sonrakı illərdə Nâzım Hikmətin "Yusif və Züleyxa" əsərində Yusif, Uilyam Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını yaradıb, "Misir gecələri" tamaşasında da çıxış edib.