Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər. Səfər çərçivəsində yeni turizm obyektlərinin açılışı olub, həmçinin tarixi-mədəni məkanlara baş çəkilib.
Shimal.News xəbər verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Şamaxı şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. Kompleksin əsas hotel binasında 88, kotteclərdə isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq yaradılıb. Ərazidə 3 villa da yerləşir.
Kompleksin ərazisindəki Nəsimi Konfrans Mərkəzi 420 nəfər üçün nəzərdə tutulub. Burada konfransların, təqdimatların, toplantıların və işgüzar görüşlərin keçirilməsi planlaşdırılır. Yeni turizm kompleksində ümumilikdə 320 iş yeri yaradılıb.
Səfər zamanı Şamaxıda daha bir turizm obyektinin – "Pirqulu Park" hotelinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hotelin açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə də tanış olublar.
Səfərin davamında İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.