Quba rayonunda tarix müəllimi kimi fəaliyyət göstərmiş Azər Abdullazadə MİQ (müəllimlərin işə qəbulu) imtahanında 90 bal toplayıb.
Bakı Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə məzun olan Azər görmə məhdudiyyətlidir. O, daha əvvəl Quba rayonunun Amsar kənd tam orta məktəbində təxminən il yarım tarix müəllimi işləyib.
Tarix müəllimliyi üzrə namizəd bildirib ki, imtahana ciddi hazırlaşıb və nəticədən razıdır. Onun sözlərinə görə, imtahanda xüsusi şərait yaradılır. Sualları oxuyan şəxs təyin edilərək əlavə 30 dəqiqə vaxt verilir.
O, yüksək nəticə əldə etmək istəyən namizədlərə dərsliklərlə işləməyi və test tapşırıqlarında buraxılan səhvləri təhlil etməyi tövsiyə edib.
Azər gələcəkdə pedaqoji fəaliyyətini Bakı şəhərində, xüsusilə görmə məhdudiyyətli şagirdlərin təhsil aldığı məktəblərdən birində davam etdirmək istədiyini bildirib.
Mənbə: Azedu.az