"Ağsunun bir sıra kəndlərində, eləcə də şəhərin özündə məktəblərin tikintisinə və əsaslı təmirinə böyük ehtiyac var. Belə ki, Padarqışlaq və Daşdəmirbəyli kəndlərində tam orta məktəb binalarının tikintisi zəruridir. Bunlar əhalinin sıx yaşadığı böyük kəndlərdir. Həmin ərazilərdə məktəblərin inşa edilməsi sakinlərin yaşadıqları yerdə qalması, mərkəzə köçməməsi və daxili miqrasiyanın qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır".
Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
"Bununla yanaşı, Kəndoba kənd məktəbində də eyni problem mövcuddur. Məktəb binası acınacaqlı vəziyyətdədir. Eyni zamanda, şəhərdə yerləşən 2 saylı məktəbdə də uzun müddətdir təmir işləri aparılır, lakin hələ də başa çatdırılmayıb. Nəticədə şagirdlər başqa məktəblərdə təhsil almaq məcburiyyətində qalırlar.
Ağsunun ən böyük problemlərindən biri də adının ifadə etdiyi məna ilə real vəziyyət arasındakı paradoksdur. Yəni adında "su" sözü olsa da, şəhərin ən böyük problemi məhz su problemidir. "Ağ" sözünü də buraya aid etmək mümkün deyil, çünki suyun rəngi də mahiyyət etibarilə ağ deyil", - deyə o bildirib.
Deputat qeyd edib ki, yerli və regional strukturlar bu problemlərin həlli istiqamətində öz imkanları daxilində müəyyən addımlar atırlar:
"Lakin bu, onların mövcud imkanları hesabına həll edə biləcəkləri məsələ deyil. Ağsu şəhərinin içməli su təchizatının yaxşılaşdırılması üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik məsafədən su kəmərinin çəkilməsi şəhərin su problemini həll edə bilər.
Digər məsələ isə Bakı-Oğuz-Qəbələ su xəttinin yaxınlığında yerləşən kəndlərlə bağlıdır. Daşdəmirbəyli, Çaparlı, Qiyaslı, Ərəbuşağı, Ağalarbəyli, Abasxanlı, Qaraqoyunlu və Musabəyli kəndləri həmin kəmərin yaxınlığında yerləşir. Bu kəndlərə qısa məsafəli su xətlərinin çəkilməsi ilə onların içməli su problemini həll etmək, eyni zamanda Ağsunun adını onun reallığı ilə uyğunlaşdırmaq olar".