Shimal.News xəbər verir ki, Ceyhun Eminli Səlbir yaşayış yerində XIII-XIV əsrlərə aid iqamətgah kompleksində aparılan araşdırmaların nəticələrindən danışıb.
Beynəlxalq İslam Arxeoloji Konfransında Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminli təmsil edib.
O, "Səlbir yaşayış yerində XIII-XIV əsrlərə aid iqamətgah kompleksində arxeoloji tədqiqatlar (Qəbələ, Azərbaycan)" mövzusunda məruzə ilə çıxış edib.
Alim Qəbələdə aparılan qazıntıların nəticələrindən danışaraq bildirib ki, bu araşdırmalar orta əsr şəhərinin ticarət əlaqələri, təsərrüfatı, kommunikasiya sistemi, ictimai və mədəni həyatı barədə məlumatların əldə olunması baxımından əhəmiyyətlidir.
Konfrans İstanbul Texniki Universiteti, Nyu-York Universiteti, Goethe Universiteti, Edinburq Universiteti, Polşa Elmlər Akademiyası, Palacký Olomouc Universiteti, Leiden Universiteti və Mazandaran Universitetinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fələstin, Fransa, İran, İspaniya, İsrail, Malayziya, Polşa və Qətərdən olan alimlər iştirak ediblər.
Konfrans çərçivəsində Türk və İslam Əsərləri Muzeyinə səfər, eləcə də İslam şəhərlərində saxsı qablar və Levant keramika layihəsi mövzularında dəyirmi masalar təşkil olunub. Yekun iclasda növbəti illərdə tədbirin coğrafiyasının genişləndirilməsi və təkmilləşdirilməsi müzakirə edilib.
Qeyd edək ki, Beynəlxalq İslam Arxeoloji Konfransı 2024-cü ildə Almaniyada, 2025-ci ildə isə Polşada keçirilib.