Quba şəhər 2 saylı məktəb-liseydə noyabrın 1-dən işə salınmalı olan kombi sistemi ayın 12-dək işləməyib. Valideynlərin iddiasına görə, onlar sinif otaqlarında temperaturun aşağı olmasından narahatdırlar.
Shimal.News-a daxil olan şikayətdə bildirilir ki, məktəbdə istilik sistemi çalışmır. Şagirdlər və müəllimlər dərslərdə üst geyimdə oturmalı olurlar. Valideynlər bəzi uşaqların soyuqdan titrədiyini, vəziyyətin onların səhhətinə mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını qeyd edirlər.
Problemin nə vaxt aradan qaldırılacağı barədə dəqiq məlumat verilmir.
Valideynlər aidiyyəti qurumlardan məktəbdə istilik sisteminin vəziyyətini araşdırmağı və problemin mümkün qədər tez həllini təmin etməyi xahiş edirlər.
Qeyd olunan iddialarla bağlı redaksiyamız tərəfindən təhsil idarəsinə sorğu ünvanlanıb.