12 noyabr Azərbaycanın dövlətçilik tarixində mühüm günlərdən biridir. 1995-ci ilin bu günü müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib.
Yeni Konstitusiya ölkənin hüquqi və siyasi sisteminin əsasını qoyub. Sənəd 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Konstitusiyaya sonrakı illərdə üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Konstitusiya Günü elan olunub.
Azərbaycanın konstitusiya tarixi isə daha əvvələ gedib çıxır. İlk Konstitusiya 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də sənədin SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası təsdiqlənib. Azərbaycan SSR-in son Konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul olunub.
Müstəqil Azərbaycanın Konstitusiyası dövlətin suverenliyini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət hakimiyyətinin təşkilini müəyyən edən əsas hüquqi sənəddir. Bu gün həm də ölkənin müstəqil dövlətçilik yolunda atdığı mühüm addımı xatırladır.