Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi İstanbulda turizm sənayesi və media nümayəndələri üçün şəbəkələşmə tədbiri təşkil edib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
Bildirilib ki, tədbirdə Türkiyə turizm sənayesinin 10-dan çox nümayəndəsi, o cümlədən turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanın müxtəlif turizm imkanları, həmçinin Qəbələnin təbii xüsusiyyətləri, istirahət və sağlamlıq turizmi üzrə təklifləri barədə məlumat verilib.
Tədbir zamanı ATB tərəfindən Azərbaycanın müxtəlif regionlarını və səyahət təcrübələrini əhatə edən turizm potensialına dair təqdimat keçirilib.
Görüşdə Qəbələnin sağlamlıq, rifah və uzunömürlülük turizmi üzrə potensialına xüsusi diqqət yetirilib.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyə turizm sənayesi nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə sağlamlıq və rifah turizmi ilə yanaşı, təbiət və qastronomiya turizmi üzrə əməkdaşlıq imkanlarına da toxunulub.