Bu gün şimal rayonlarından olan şəhidlərimiz - Məmməd Bayramov və Çoban Nurmətovun doğum günüdür.
Məmməd Arif oğlu Bayramov 2000-ci il noyabrın 23-də Xaçmaz şəhərində anadan olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb və Cəlilabadda xidmət edib.
Məmməd Bayramov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
O, 2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşi nəticəsində aldığı güllə yarasından şəhid olub.
Məmməd Bayramov ölümündən sonra "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Kəlbəcərin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" və "Şücaətinə görə" medalları ilə təltif edilib.
Çoban Razəddin oğlu Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Daha sonra iki il Hərbi Dəniz Qüvvələrində xidmət edib.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi sahədə fəaliyyətini davam etdirmək qərarına gəlib. Gizirlik kurslarını bitirərək hərbi xidmətə gizir rütbəsində başlayıb. İlk xidmət yeri Naxçıvan Muxtar Respublikası olub. Burada xidmət etdiyi müddətdə müxtəlif fəxri fərman, diplom və medallarla təltif edilib.
Naxçıvanda 10 il xidmət etdikdən sonra Qusara qayıdan Çoban Nurmətov burada yerləşən hərbi hissələrdən birində xidmətini davam etdirib. O, təxminən altı il Qusarda xidmət edib və Aprel döyüşlərində iştirak edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə ilk gündən qatılan baş gizir Çoban Nurmətov döyüşlərdə böyük şücaət göstərib, yaralı hərbçilərin xilas edilməsində iştirak edib.
"Kəşfiyyatın ürəyi" ləqəbi ilə tanınan Çoban Nurmətov Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 23-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.