AFFA İntizam Komitəsi Qusar təmsilçisi ilə qarşılaşmadan sonra "Səbail" klubunun rəhbərliyinə, futbolçusuna və azarkeşlərinə görə bir neçə cəza tətbiq edib.
Shimal.News xəbər verir ki, I Liqanın VI turunda keçirilən "Şahdağ Qusar" – "Səbail" oyunundan sonra "Səbail"in prezidenti Mirzə Bayrampur 4 oyunluq cəzalandırılıb, klub isə 3 000 manat cərimələnib. Buna onun dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və hədələməsi səbəb olub.
Bundan əlavə, "Səbail"in futbolçusu Rubin Seyidov da hakimləri təhqir edib hədələdiyinə görə 4 oyunluq cəza alıb. Bu hadisəyə görə kluba daha 3.000 manat cərimə tətbiq edilib.
Qarşılaşmanın 85-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atmasına görə "Səbail" 600 manat cərimələnib. Oyun bitdikdən sonra hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsinə görə isə kluba əlavə 1.500 manat cərimə verilib.