Şamaxının Dəmirçi kəndi qədim dəmirçilik ənənələri, tarixi evləri və qonaqpərvər sakinləri ilə turistlərin diqqətini çəkir. Ancaq kəndin adını yaşadan sənət əvvəlki kimi geniş yayılmayıb.
Kənddə çəkilən videomaterialda dəmirçilik sənətinin hazırkı vəziyyəti, turizm imkanları və sakinlərin gündəlik həyatı əks olunub.
Yerli ustalardan biri bildirib ki, 1960-cı illərdə kənddə 15-16 dəmirçi dükanı fəaliyyət göstərib. İndi isə cəmi 2-3 belə emalatxana qalıb. Onun sözlərinə görə, bir cib bıçağının hazırlanması təxminən 25 gün çəkir və bu proses çoxsaylı mərhələlərdən ibarətdir. Ustalar sənəti öyrənmək istəyən gənclərin azlığından da narahatdırlar.
Kənddə turizm üçün şərait yaradılsa da, bu sahə bütün sakinləri işlə təmin edə bilmir. Sakinlər bildirirlər ki, əsasən iş imkanlarının məhdudluğu səbəbindən gənclər kəndi tərk edərək şəhərlərə üz tuturlar.
Bununla yanaşı, ata-baba yurduna qayıdan ailələr, yerli mətbəx nümunələri və qədim tikililər Dəmirçinin özünəməxsus həyatını qoruyub saxlayır. Kənddə hazırlanan fəsəli və qutab turistlərin maraq göstərdiyi yerli təamlar sırasındadır.
Ətraflı Baku TV-nin videosunda.