Qusar rayonunda kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına ciddi zərər vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir.
Shimal.News xəbər verir ki, Qusar Rayon Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları zərərvericinin daha çox yayıldığı kənd və yaşayış məntəqələrində sakinlərlə görüşlər keçirirlər.
Görüşlər zamanı yaşayış evlərində, yardımçı tikililərdə və həyətyanı sahələrdə zərərvericinin qışlama yerlərinə baxış keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır. Sakinlərə payız-qış dövründə zərərvericilərin toplanaraq məhv edilməsinin və mexaniki mübarizə üsullarının tətbiqinin əhəmiyyəti izah olunur.
Bundan əlavə, avqust-sentyabr aylarında rayonun Gilahoba, Qaratoba, Hacatala, Nəcəfkəndoba, Əcəxuroba, Torpaqkörpü, Zuxuloba, Şirvanlı, Salahoba, Hiloba və Yasaboba kəndlərində ümumilikdə 466,17 hektar qarışıq meyvə bağında kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Dövlət vəsaiti hesabına aparılan tədbirlər zamanı "bifenamin" preparatından istifadə olunub.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, meyvə bağlarına və digər bitkilərə zərər vuran təhlükəli zərərvericilərdən biridir. Payız-qış dövründə qışlamaq üçün yaşayış evlərinə, yardımçı tikililərə və digər sığınacaqlara toplanan zərərvericiyə qarşı mübarizə onun sayının azaldılması və yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Rayonda zərərvericinin yayılmasının qarşısının alınması və kənd təsərrüfatına dəyən ziyanın minimuma endirilməsi məqsədilə mübarizə və maarifləndirmə tədbirləri davam etdirilir.