Qusar–Əniq–Laza avtomobil yolunun 45-ci kilometrində suötürücü borular və yolun hərəkət hissəsi bərpa olunur, iki ərazidə isə yeni körpülər tikilir.
Shimal.News xəbər verir ki, işlər rayonda leysan və güclü sel nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində dörd suötürücü borunun və yolun hərəkət hissəsinin bərpası nəzərdə tutulub. Eyni zamanda, sel və yağış sularının təhlükəsiz ötürülməsi, yolun dayanıqlığının artırılması və gələcəkdə mümkün yuyulma və dağılmaların qarşısının alınması üçün mühəndis həlləri tətbiq edilir.
Dağlıq ərazidə aparılan işlərin yolun istismar etibarlılığını artıracağı, nəqliyyat əlaqələrinin fasiləsizliyinə, yerli sakinlərin və bölgəyə gələn turistlərin təhlükəsiz hərəkətinə xidmət edəcəyi bildirilir.