*Bu gün şimal bölgəsindən olan şəhidlərimiz - Bəxtiyar İdrisov və Saatmirzə Əzimovun doğum günüdür.
Bəxtiyar İxtiyar oğlu İdrisov 16 oktyabr 2004-cü ildə Şəki rayonunun Aşağı Layısqı kəndində anadan olub. Şəki rayonunun Aşağı Göynük kənd tam orta məktəbində təhsil alıb. 2021-ci ildə həmin məktəbin 11-ci sinfini bitirdikdən sonra Mingəçevir Turizm Kollecinə daxil olub. Bir il təhsil aldıqdan sonra hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəxtiyar İdrisov 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı Ağdərə rayonunda şəhid olub.
Bəxtiyar İdrisov sentyabrın 21-də Şəki rayonunun Aşağı Layısqı kənd qəbiristanlığında dəfn edilib.
O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Saatmirzə Feyruz oğlu Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olub. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. O, 2016-cı il aprelin 2-dən 5-dək davam edən Aprel döyüşlərində iştirak edib və fərqlənib.
Azərbaycan Ordusunun əsgəri olan Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü iştirak edib. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. O, 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub. Siyəzən şəhər qəbiristanlığında dəfn edilib.
Saatmirzə Əzimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.