Qəbələ rayonunun Nic qəsəbəsindəki Abdallı məhəlləsinin sakinləri məhəllədaxili yolların uzun müddətdir təmir olunmamasından narazıdırlar.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, məhəllənin yol örtüyü tamamilə yararsız hala düşüb.
Yolun müxtəlif hissələrində çoxsaylı çuxurlar yaranıb. Bəzi hissələrdə isə örtük tamamilə dağılıb, yalnız çınqıl və daşlar qalıb.
Sakinlər bildirirlər ki, yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Yolun bu halı həm nəqliyyat vasitələrinə ziyan vurur, həm də məhəllə sakinlərinin gündəlik həyatında ciddi çətinlik yaradır.
Sakinlər müvafiq qurumlara müraciət edərək Abdallı məhəlləsinin yollarına baxış keçirilməsini, yolların təmir olunmasını tələb edirlər.