Türkiyə Prezidenti iki ölkənin qardaşlığını tərənnüm edən "Azərbaycan-Türkiyə" şeirindən bir bənd oxuyub.
Shimal.News xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edib.
Çıxışının sonunda Ərdoğan Şəkidə anadan olmuş Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur misralarını xatırladaraq onun "Azərbaycan-Türkiyə" şeirindən bir bənd səsləndirib:
"Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə".
Ərdoğan şeiri səsləndirdikdən sonra ay-ulduzlu Türkiyə bayrağı ilə Azərbaycan bayrağının göylərdə əbədi yanaşı dalğalanmasını arzulayıb. O, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və qardaş ölkəyə salamlarını çatdırıb.